Bosfor boğazında keçirilən 6,5 kilometrlik üzgüçülük marafonu zamanı rusiyalı məşqçi Nikolay Sveçnikov itkin düşüb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV yazıb. 

Ehtimal edilir ki, Boğazda itkin düşən rusiyalı üzgüçü yarış zamanı digər idmançılarla toqquşub, daha sonra huşunu itirərək batıb. 

Açıq suda üzgüçülük üzrə Rusiya yığmasının keçmiş baş məşqçisi, əməkdar idman ustası Aleksey Akatev bu barədə deyib: "Belə böyük tədbirlərdə çıxış edən idmançıları təqib edən əsas təhlükə iştirakçıların eyni vaxtda start götürməsidir. Hansısa su hadisəsi ola bilər - toqquşma, insanlar istəmədən toqquşur. Onun yanında üzən idmançı təsadüfən ona toxuna, hansısa ağrılı nöqtəni vura bilər.

Ola bilsin ki, kifayət qədər hazır olmayıb, bəlkə də bir az yorğun olub, ola bilsin ki, onun səhhətində problem olub".

Qeyd edək ki, Moskvadan olan 29 yaşlı peşəkar üzgüçü İstanbulda Bosfor boğazını üzərkən finişə çata bilməyib. 500-600 m üzdükdən sonra Nikolay gözdən itib. 

Hazırda Sahil Mühafizəsi üzgüçünü axtarır.

Ağarza Elçinoğlu