UNEC-də ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər planı çərçivəsində “Oxu mədəniyyəti” layihəsinə start verilib.
"Unikal" xəbər verir ki, tədbirdə millət vəkilləri Etibar Əliyev, Fazil Mustafa, Nizami Cəfərov, ölkənin tanınmış ictimaiyyət nümayəndələri professor Şahlar Əsgərov, Kərim Tahirov, Rəşad Məcid, Elçin Şıxlı, Qulu Məhərrəmli, Seyran Səxavət, Şahbaz Xuduoğlu, Teymur Kərimli, Aqşin Yenisey, Qismət Rüstəmov iştirak ediblər.
UNEC rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, ölkənin sevilən və seçilən ziyalıları ilə görüşün universitet həyatında özünəməxsus yeri olduğunu bildirib. Rektor “Heydər Əliyev İli” çərçivəsində gənclərin mütaliəyə marağının artırılması və oxu mədəniyyətinin formalaşdırılması məqsədilə universitetdə “Oxu mədəniyyəti”nə həsr olunan müxtəlif məzmunlu tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Ə.Muradov cəmiyyətə kitab oxumağı aşılamağın vacibliyindən danışıb: “Bu gün cəmiyyətdə kitaba maraq azalır. Cəmiyyəti irəli aparan şəxsiyyətləri məhz mədəniyyət yetişdrir. Universitet isə bilik və elm verir, şəxsiyyət yetişdirmir. Bu gün “Z” nəslinə kitab oxumağı aşılamaq üçün kitabların dizaynında, çapında həmin nəslin zövqü və marağı nəzərə alınmalıdır”- deyə rektor bildirib.
UNEC-də biri 24/7 olmaqla, 5 kitabxananın fəaliyyət göstərdiyini deyən rektor, kitab fondunun son 4 ildə 7 faiz, ənənəvi kitabxanadan istifadənin 84 faiz, elektron kitabxanadan istifadənin 47 faiz, kitab dövriyyəsinin isə 190 faiz artığını qeyd edib.
UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva dünya ölkələri üzrə oxu statistikası, mütaliənin faydaları barədə maraqlı təqdimatla çıxış edib. Həmçinin UNEC kitabxanalarından istifadə üzrə statistikanı açıqlayıb.
Tədqimatdan sonra Milli Kitabxananın direktoru Kərim Tahirov kitaba və kitabxanalara verilən yüksək dəyərin təbliğinin, eləcə də nəşriyyatların kitab çapında gənclərin maraqlarını və tələblərini nəzərə almasının vacibliyindən danışıb. Ölkə üzrə mütaliə statistikasının aparılması üçün universitetlərin, ziyalıların dəstəyinə ehtiyac olduğunu bildirib.
Millət vəkili Etibar Məmmədov gənclərin hərtərəfli şəxsiyyət kimi yetişməsində mütaliə mədəniyyətinin böyük təsiri olduğunu qeyd edib. Tələbələrə biliklə yanaşı, oxu mədəniyyətinin aşılanmasının, onların tədqiqata cəlb edilməsinin universitetlərin əsas missiyalarından olduğunu deyib. Tədbirlər planının əhəmiyyətini vurğulayan millət vəkili, şəxsi kitabxanasından 80 kitabı universitetə hədiyyə etdiyini bildirib.
Mətbuat Şurasının sədri Rəşad Məcid mütaliənin insanların söz bazasının zənginləşməsi, özgüvəninin artması, natiqlik bacarığının formalaşması istiqamətində qazandırdığı üstünlüklərdən danışıb.
Tanınmış şair, yazıçı, nasir-tərcüməçi Seyran Səxavət kitaba sevginin aşılanmasında ailənin rolundan söz açıb. Kitabın insanlara qazandırdığı dəyərlərdən danışan sevimli şair kitabın müqəddəsliyini “Kitaba qayıtmaq Allaha qayıtmaqdır” fikri ilə tamamlayıb.
Millət vəkili Nizami Cəfərov hər bir Azərbaycan gəncinin dahi şairlərimiz N.Gəncəvi, M.Füzuli, İ.Nəsiminin əsərlərini oxumalı olduğunu bildirib. Tələbələrin dərsliklərə marağını artırmaq üçün universitetlərdə fundamental dərsliklərin hazırlanmalı olduğunu diqqətə çatdırıb.
Millət vəkili Fazil Mustafa mütaliə ilə bağlı şəxsi təcrübəsini iştirakçılarla bölüşüb. Oxu mədəniyyətinin təbliği ilə bağlı universitetlərin üzərinə böyük missiyanın düşdüyünü və bu tip tədbirlərin ənənə halına çevrilməli olduğunu qeyd edib.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu kitab alıcıları arasında yeni “Z” nəslin nümayəndələrinin daha çox olduğunu diqqətə çatdıraraq, bu tendensiyanı yüksək qiymətləndirib. O, yeni nəsil yazıçı, bəstəkar, iqtisadçı, ümumilikdə bütün sahələrdə təmsil olunan nümayəndələrin bir araya gətirilərək, müzakirələr aparılmasının önəmindən danışıb.
Professor Şahlar Əsgərov ulu öndər Heydər Əliyevin kitaba verdiyi dəyərdən danışıb, bununla bağlı xatirələrini bölüşüb. Oxu mədəniyyətinin formalaşmasında texnoloji yanaşmaya ehtiyac olduğunu diqqətə çatdıran professor, XXI əsr universitetlərinin bu istiqamətdə töhfələr verə biləcəyini vurğulayıb.
Dünyada 78 mədəniyyət dilinin mövcud olduğundan danışan gənc şair Aqşin Yenisey kitaba qayıdış baş verməsə, Azərbaycan dilinin şifahi dillər mərhələsində qalacağından narahatlığını ifadə edib. A.Yenisey yazıçı və oxucunun kimliyinin önəmli faktorlardan olduğunu bildirərək, oxuculara dünyaya kitabdan baxmağı aşılamağın vacibliyini bildirib.
““Oxu mədəniyyəti” layihəsinin mahiyyətində duran əsas məqam odur ki, gənclərimiz, iqtisadçılarımız həm də şəxsiyyət olmalıdırlar. Şəxsiyyət olmaq həm də öz ədəbiyyatını, mədəniyyətini yaxından bilməkdir. Buna biz necə çataq?”
Bu fikirləri Mətbuat Şurasının sədri Rəşad Məcid UNEC-də keçirilən “Oxu mədəniyyəti” adlı layihənin təqdimatında bildirib.
“Nə qədər acı olsa da informasiya texnologiyalarının inkişafı ənənəvi kitabların, qəzetlərin getdikcə öz formasını dəyişməyə gətirib çıxarır. Forma dəyişdiyi üçün yeni texnologiyalar əvvəlki kimi sevdiyimiz kitabları vərəqləməyə imkan vermir. Əlbəttə ki, gənclər arasında böyük həcmli kitabları, romanları elektron variantda oxuyanlar da var. Mən özüm də bir neçə böyük həcmli kitabı elektron variantda oxumuşam. Ona görə də biz bunun qarşısını ala bilməyəcəyik.
Bilik gücdür. Bilik bizə cəmiyyətin mütləq məqamlarında özümüzü üstün hiss etməyə imkan verir. Mən gənclərə kitabı təbliğ edəndə bəzi məqamları vurğulayıram. Kitab oxuyan şəxs mənəvi cəhətdən özünə güvənli olur və həyatın müxtəlif mərhələlərində bu, sənə gərəkli olur. Söhbət daha çox bədii ədəbiyyatdan gedir. Doğma dilində gözəl danışmaq, geniş leksikona malik olmaq və fikrini gözəl ifadə etmək üçün bədii ədəbiyyatı oxumaq vacibdir. Uşaqlıqdan şeir əzbərləmək, poeziya oxumaq önəmlidir. Mən həmişə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı misal çəkirəm. O, gənclik illərindən türk klassik şerlərini əzbər bilirdi və onun bu günkü bəlağətli və gözəl danışığının kökü məhz bununla bağlıdır.
Sürətlə dəyişən dünyada kağız kitab və qəzetin mövcudluğunu qoruyub saxlamaq bizim gücümüz xaricindədir. Bir telefonun içərisində 100 il əvvəl bir romandan aldığın informasiya, bədii zövq müxtəlif formalarda var və cavanlar daha çox buna üstünlük verərək, mənəvi və mütaliə tələbatlarını müxtəlif formalarda alırlar.
...UNEC-in yeni təşəbbüsünü mən yüksək qiymətləndirirəm və əminəm ki, bu sahədə maraqlı ustad dərslər, tələbələrə stimulverici məqamlar olacaq”.