7 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Özbəkistanın İqtisadiyyat və Pedaqogika Universitetinin idarə heyəti ilə görüş keçirilib. Görüşün əsas məqsədi elm və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi olub.
"Unikal" xəbər verir ki, görüşdə İSİ-nin baş direktoru, akademik Əli Abbasov, icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev, Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva, Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif İbrahimov, Özbəkistanın İqtisadiyyat və Pedaqogika Universitetinin rektoru Bozorov Otabek Nashvandovich, Elm və İnnovasiya üzrə prorektor Farmanov Jasur Boykaraevich, Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Abdurakhimov Shokhjakhon Uktam ugli, Elmi-Tədqiqat İnnovasiya və Təhsil şöbəsinin müdiri Jurayev Davron Aslonkulovich iştirak ediblər.
Əvvəlcə akademik Ə.Abbasov qonaqlara instituta göstərilən diqqətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi elmi müəssisənin tarixi, əsas fəaliyyət istiqamətləri, aparılan fundamental elmi tədqiqatlar, əldə olunan mühüm elmi nəticələr, kadr hazırlığı və beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat verib.
Sonra Özbəkistanın İqtisadiyyat və Pedaqogika Universitetinin rektoru O.Bozorov rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, fəaliyyəti və tədrisin təşkili barədə məlumat verib. O, İdarəetmə Sistemləri İnstitutu kimi böyük tarixə malik, qabaqcıl elmi-tədqiqat müəssisəsi ilə əməkdaşlıq etməkdən məmnun olduğunu bildirərək ikitərəfli əlaqələrin inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Görüş çərçivəsində sözügedən müəssisələr arasında birgə elmi tədqiqatların həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Həmçinin Təhsil, Beynəlxalq əlaqələr və innovasiya şöbələri arasında təhsil sahəsində əməkdaşlıq istiqamətində perspektivlər müzakirə olunub.
Sonda tərəflər arasında əməkdaşlıq memorandumları imzalanıb.