“Aztelekom” və “Baktelecom”un müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində artım müşahidə olunub.
"Unikal" xəbər verir ki, yerli araşdırma şirkətinin apardığı sorğunun nəticələrinə əsasən, 2022-ci il ərzində “Aztelekom” və “Baktelecom”un ölkə ərazisində Müştəri Loyallığı İndeksi (Net Promoter Score – NPS) 2021-ci illə müqayisədə müvafiq olaraq 23 bal və 18 bal artıb.
Qeyd edək ki, burada əsas təşviq faktoru internetin sürəti və sabitliyidir. Sorğuda vətəndaşların markaya – xidmətin keyfiyyətinə, qiymətlərə münasibəti öyrənilib. “Aztelekom” və “Baktelecom” müvafiq göstəricilərin inkişafı ilə diqqət çəkib.
Həmçinin müştəri sorğularının işlənməsi və cavablandırılmasının təkmilləşdirilməsi, GPON (Gibabit Passive Optical Networks) texnologiyası vasitəsilə genişzolaqlı internet xidmətlərinin göstərilməsi, internet sürətinin daha yaxşı təmin edilməsi üçün şəbəkənin təkmilləşdirilməsi və ötən il ərzində digər planlaşdırılmış strateji təşəbbüslər müştəri məmnuniyyətini təmin edən faktorlardır.
Məlumat üçün bildirək ki, NPS müştəri məmnuniyyətini ölçən və biznesin böyüməsini proqnozlaşdıran sistemdir. Bundan dünya miqyasında ən böyük şirkətlər istifadə edir.
Qeyd edək ki, ölkə ərazisində “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması həyata keçirilir. Bu günə qədər 814 minədək ev təsərrüfatı bu texnologiya əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunub. Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. “Aztelekom” və “Baktelecom” layihə çərçivəsində sürəti 100 mbit/s-dək internet xidməti təqdim edir.