"Qardaş Türkiyədə baş verən zəlzələnin nəticələrini hər birimiz ürək ağrısı ilə izləyirik. Hamı öz imkanları çərçivəsində bu günlərdə qardaş Türkiyəyə dəstək olmağa çalışır. Bütün bunlarla yanaşı, zəlzələnin Türkiyə iqtisadiyyatına neqativ təsir göstərəcəyi gözlənilir".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, ilkin qiymətləndirmələrə görə, zəlzəninin iqtisadi nəticələrini aradan qaldırmaq üçün milyardlarla dollar vəsait lazım olacaq:
"Bu da Türkiyədə iqtisadi artım tempini 2 faiz bənd azalda bilər. 13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə binalar, o cümlədən evlər, sosial obyektlər, hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir. Ötən il Türkiyə lirəsi dollar qarşısında 30 faizə yaxın dəyər itirdi və istehlak bazarında qiymətlər 85 faiz yüksəldi. Bununla yanaşı, qardaş dövlət 2023-ci ilə kifayət qədər nikbin gözlənitlər ilə başlamışdı. Bu ilin ilk ayında lirənin kursu optimal intervalda dəyişdi və iqtisadi artım canlandı. Bu isə illik kifayət qədər pozitiv proqnozlar verməyə imkan yaradırdı.
Gözlənilir ki, Türkiyə zəlzənin iqtisadi nəticələrini aradaq qaldırmaq üçün xarici borclanmaya da getməli ola bilər. Hazırda xarici borcun ÜDM-ə nisbəti 34.0 faizdir. Bu rəqəmin ilin sonunda 43.0 faizədək yüksələcəyi gözlənilir. Bütün bunlarla yanaşı, qardaş Türkiyə belə ağır günləri arxada qoymaq, həmin əraziləri yenidən qurub və bərpa etmək gücünə malikdir".