Gənclər Fondunun smetası təsdiqləndi


Azərbaycan Prezidenti yanında Gənclər Fondunun ştat cədvəli və 2013-cü il üzrə xərclər smetası təsdiqlənib. Nazirlər Kabinetinin qərarına əsasən, Fondun 14 əməkdaşı olacaq.

«APA-Economics»in məlumatına görə, bu il Fondun smetası 250 min manat təşkil edəcək. Bundan 119 520 manat ştatda olan işçilərin, 36 300 manat ştatdan kənar işçilərin əmək haqqı, 39 840 manat əməyin ödənişləri ilə bağlı sair ödənişlər, 43 045 manat Dövlət Sosial Müdafiə Fonduna ayırmalar, 11 295 manat isə sair xərclər kimi nəzərdə tutulub.

Nazirlər Kabinetinin qərarına əsasən, Gənclər Fondunun saxlanması ilə bağlı bu ilki xərclər 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılmış 5 mln. manatdan istifadəsiz qalmış 2,140 mln. manat vəsait hesabına təmin ediləcək. Gələn ildən isə Fondun saxlanması üçün xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində funksional təsnifatın «Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət» bölməsinin «Digər kateqoriyalara aid edilməyən fəaliyyət» köməkçi bölməsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində təmin ediləcək.