"Türkiyədəki zəlzələnin iqtisadi nəticələri ilə yanaşı qonşu ölkələrlə ticari dövriyyəsinə təsirləri də xüsusi müzakirə olunur. Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6.0 milyard dollara yaxınlaşıb:
"2021-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar olmuşdu. Ötən ilin ilk 11 ayında Türkiyəyə 3 milyard 323 milyon dollarlıq ixrac etmişik, qardaş ölkədən isə 1 milyard 48 milyon dollarlıq idxalımız olub. Türkiyə eyni zamanda ölkəmizin qeyri-neft ixracatında ikinci əsas tərəfdaşıdır. 3.0 milyard dollarlıq enerjidən kənar ixacatımızın təxminin 1/3-i Türkiyənin payına düşür. Son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində artım qeydə alınır. Bununla yanaşı, hələ də Türkiyə ilə ticarət dövriyyəmizdə enerji məhsulları əsas paya malik olmaqdadır. Xüsusən də qardaş ölkəyə mavi qaz ixracatında artımlar qeydə alınır".
Deputat qeyd edib ki, əsrin fəlakətinin coğrafiyasını və Türkiyəyə ixracatımızn strukturuna diqqət yetirsək, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək:
"2023-cü ildə də ölkələr arasındakı enerji əməkdaşlığının güclənəcəyi gözlənilir. Qeyri-neft sahəsindəki əməkdaşlıq bu il davam etdiriləcək. Bu baxımdan, enerji məhsullarının qiymətlərində düşüşlər olmasa, Azərbaycan Türkiyə arasındakı ticarət dövriyyəsində hər hansı ciddi azalma gözlənilmir".
Seymur Əli