“Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası turniri çərçivəsində fevralın 16-da “Gənclik” stansiyası yaxınlığında yerləşən Tofiq Bəhramov adına stadionda keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin 3 stansiyası gücləndirilmiş və dəyişdirilmiş iş rejimində çalışacaq.
“Bakı Metropoliteni” QSC-dən "Unikal"a bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə əsasən, matçın gec başa çatacağı ilə əlaqədar metropolitenin “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında iş vaxtı 1 saat uzadılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar, bu qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması, azarkeşlərin oyun qurtardıqdan sonra mənzil başına rahat çatmaları üçün bir sıra tədbirlər görüləcək. Stadionun yaxınlığında yerləşən “Gənclik” stansiyasında “Bakı Metropoliteni” QSC-nin müvafiq əməliyyat planına uyğun olaraq, nəzarət mexanizmləri gücləndiriləcək və əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq.
“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.