Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunub.
"Unikal"ın məlumatına görə, o bundan əvvəl Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edirdi.
Şahin Bağırov 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olub. Respublikadan kənar təhsil proqramı çərçivəsində 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. İkinci təhsil kimi 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işinin təşkili” fakültəsini bitirib.
2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.
Əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan Respublikasında Aqrar Sənayə Kompleksi sistemində ixtisasına uyğun olaraq fəaliyyətə başlayıb.
1992-ci ildən gömrük sistemində inspektor vəzifəsində fəaliyyətə başlamış, gömrük sistemində müxtəlif vəzifələrdə çalışmış və Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə qədər yüksəlib.
Birləşmiş Millətlər Təşkilatının Avropa Iqtisadi Komissiyasının nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupunun sədr müavini, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Yük Daşımaları haqqında Gömrük konvensiyasının İnzibati Komitəsinin sədri vəzifəsində, eləcə də Sərhədlərdə Yüklərə Nəzarət Şərtlərinin Razılaşdırılması üzrə Beynəlxalq Konvensiyanın (1982) İnzibati Komitəsinin sədri kimi fəaliyyət göstərib.
2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.
2014-ci ilin fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gömrük xidməti general-leytenantı rütbəsi verilib.
2010-cu ildə Azərbaycanın iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2012-ci ildə 3-cü dərəcəli, 2016-cı ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.
Ailəlidir, 2 (iki) övladı var.