"Bu gün elə bələdiyyə sədrləri var ki, doğurdan da prinsipiallıq edərək müstəqil fəaliyyət göstərirlər. 40-a yaxın bələdiyyə sədri haqqında məhkəməyə iddia ərizəsi vermişik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

"Çünki həmin bələdiyyə sədrləri özlərini tam müstəqil hesab edərək bizim verdiyimiz müəyyən təklifləri qəbul etmirlər. Baxmayaraq ki, biz inzibati nəzarəti həyata keçirən orqanıq. Onlar bizim təkliflərimizi tətbiq etmədikləri üçün verdikləri aktları qanunsuz hesab etdik. Bu faktın özü bir daha göstərir ki, bələdiyyələrin bəziləri istəyəndə müstəqil fəaliyyət göstərə bilirlər", - deyə nazir müavini bildirib.

V.Zahirov qeyd edib ki, korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planında qanunvericilik aktlarının hazırlanması vəzifəsi qarşıya qoyulub: “Bizim göndəridiyimiz layihələr bütün dövlət orqanları ilə razılaşdırma mərhələsində idi. Bəzi müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə müəyyən məsələlərdə fikir ayrılıqları var idi. Onlar da bununla bağlı öz təkliflərini verirlər”.

O vurğulayıb ki, qəbirstanlıqların bələdiyyələrə tam təhvil verilməsi hələ başa çatmayıb: “Bunun da bir neçə səbəbi var. Regionlarda və bir çox kəndlərdə qəbirstanlıqların sənədlərinin, xəritələrinin, pasportlarının olmaması gecikməyə səbəbdir”.

Anar Kəlbiyev