Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə Bərdə rayonunun Həsənqaya kəndində 866 mənzilli məcburi köçkün qəsəbəsində mina təhlükəsi mövzusunda maarifləndirici qapı-qapı sessiyaları keçirilib.
"Unikal" xəbər verir ki, sessiyaların keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərdə aşkarlana biləcək minalar və digər partlamamış hərbi sursatlar, onlarla davranış qaydaları, təhlükəsizlik tədbirləri, bununla əlaqədar müraciət olunacaq aidiyyəti dövlət qurumları barədə sakinləri məlumatlandırmaqdır.
İki gün davam edən təlimlərdə 21 nəfər təlimçi iştirak edib ki, onlardan üçü mina partlayışından zərər görmüş şəxslərdir. Təlim zamanı ümumilikdə 150-dən çox sakinə maarifləndirici broşürlər paylanılıb, praktiki məşğələlər təşkil edilib.
Qeyd edək ki, Dövlət Komitəsi mina təhlükəsinə dair maarifləndirici təlimlərin işğaldan azad edilmiş ərazilərə geri qayıdacaq sakinlər arasında mütəmadi təşkilini nəzərdə tutub.