"Əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərdən zərər çəkən Kahramanmaraşda axtarış-xilasetmə işlərində azərbaycanlı Ceyhun Xəlilov qabaqcıl texnikası vasitəsi ilə 14 nəfərin həyatını xilas edib.
"Unikal" xəbər verir ki, bu barədə Ceyhun Xəlilov "Anadolu Agentliyi"nə danışıb.
O, xəbəri eşidən kimi Türkiyəyə getmək üçün Bakıdakı qurumlara müraciət etdiyini dilə gətirib. Xəlilov Ukraynada Milli Müdafiə Universitetini bitirdiyini, həmçinin Türkiyədə dağıntı altı görüntüləmə sistemləri üzrə təhsil aldığını qeyd edib.
Uçuşların ləğvi ilə əlaqədar bir gecə hava limanında yatdığını və ilk tapdığı təyyarə ilə Ankaraya gəldiyini bildirən Xəlilov, Beşir Dərnəyi Axtarış-Xilasetmə qrupu ilə Kahramanmaraşda axtarış-xilasetmə işlərinə qoşulduğunu bildirib.
İstifadə etdiyi dağıntı altı görüntüləmə cihazının qabaqcıl xüsusiyyətlərə malik olduğunu bildirən Xəlilov, iki kamera və akustik səs yazıcıdan ibarət sistemin dağıntılar altındakı vəziyyəti göstərə biləcəyini ifadə edib.
Dağıntılardakı tapıntılarını AFAD və axtarış-xilasetmə qrupları ilə bölüşdüyünü bildirən Ceyhun ilk olaraq fevralın 9-da 17 yaşlı qızın qəzadan xilas edilməsində fəal rol oynadığını vurğulayıb.
Xidmət etdiyi qruplarla uğurlu koordinasiya əldə etdiklərini deyən Xəlilov 14 nəfərin dağıntılar altından xilas edilməsində əməyi olduğunu qeyd edib.
"Türkiyənin kədəri kədərimiz, sevinci isə sevincimizdir. Çox təəssüf edirəm, səbr diləyirəm. Əlimizdən gələni edirik, yanınızdayıq, biz sona qədər buradayıq”, - deyə o, son olaraq bildirib.
Gülayə Mecid