Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsindən danışıb. O, Ermənistanın sülh müqaviləsi layihəsi üzərində işin növbəti mərhələsini başa çatdırdığını, sənədi Azərbaycana və həmsədr ölkələrə təhvil verdiklərini deyib.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Paşinyanın dediyi sənəd təxminən 3 həftə əvvəl Azərbaycan tərəfindən onlara göndərilib:
"Cavab olaraq isə bir sıra düzəlişlərlə Ermənistanın mövqeyini əks etdirən məktub göndərilib. Sənədlərin mətni qapalıdır. Cavabı göndərməzdən əvvəl Ermənistan Təhlükəsizlik Şurasının sədri Qriqoryan deyib ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları barəsində danışıqlar nəzərdə tutulmalıdır və bu sənəddə öz əksini tapmalıdır. Yəni, onların mövqeyi dəyişməz olaraq qalır.
Mən əminəm ki, sənəddəki tək problem bundan ibarət deyil. Digər düzəlişlər də edilməlidir. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi real danışıqlar yox, həmişə olduğu kimi danışıqlar görüntüsü yaratmaq istəyir. Ona görə də Ermənistana çox da ümid bəsləmək olmaz, çünki hələlik görünən odur ki, onlar Azərbaycana qarşı ərazi iddialarına son qoymaq fikrində deyillər".
Tofiq Zülfüqarov ötən gün Türkiyə XİN başçısı Mövlüd Çavuşoğlunun erməni həmkarı Ararat Mirzoyanla görüşündə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair razılıq əldə etmələri ilə bağlı fikirlərini də səsləndirib:
"Mən buna müsbət baxıram. Bəllidir ki, Türkiyə tərəfi bu addımı atmaya da bilərdi, çünki Ermənistanı Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Biz başa düşməliyik ki, sərhədlər və yollar bağlı olanda Ermənistan istər-istəməz həm Rusiyanın, həm də İranın təsiri altında qalcaq. Əgər yollar açılsa, biz bunu Türkiyənin Ermənistan üzərində olan təsirinin güclənməsi kimi başa düşməliyik. Strateji baxımdan bu öz nəticələrini gec-tez verəcək. Türkiyə xarici siyasətini həyata keçirən insanlar yetərincə təcrübəlidirlər. Onlar Azərbaycanın və Türkiyənin maraqlarını müdafiə etməyə qadirdirlər", - deyə o qeyd edib.
Murad İbrahimli