"Dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılan quruma kommersiya fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti veririk. İnvestisiya qoymaq biznes fəaliyyətidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, bu, konstitusiyanın prinsipləri ilə ziddiyət təşkil edir:
"Sığorta fonduna toplanan vəsaitləri investisiya kimi qoyuruq. Burada biznes riski var. Həmin vəsait batsa necə olacaq? Bu qanun layihəsinin müzakirəyə çıxarılması doğru deyil. Artıq vəsait investisiya kimi qoyulmalı deyil, yoxsul təbəqəyə verilməlidir".
Qeyd edək ki, “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklə dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi təklif olunur.
Anar Kəlbiyev