2-6 oktyabr 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak üçün onlayn qeydiyyat davam edir.
"Unikal" xəbər verir ki, Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçiriləcək 74-cü konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunacaq. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər.
“Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda beynəlxalq konqres kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və qabaqcıl həllərlə bağlı fikir mübadiləsi üçün açıq platforma olacaq. Tədbir bütün qonaq və iştirakçılara kosmik sənayenin inkişafının gücləndirilməsi, qlobal tendensiyalar, kosmos innovasiyaları sahəsində tərəfdaşlıq və əməkdaşlıq yollarını müzakirə etmək imkanı verəcək.
Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa ediləcək 7800 kvadrat metrlik sərgi pavilyonunda müxtəlif ölkələrin kosmik qurumları və şirkətlərinin stendləri nümayiş olunacaq.
Beynəlxalq Astronavtika Konqresində iştirak üçün aşağıdakı keçiddən istifadə edərək qeydiyyatdan keçə bilərsiniz: https://www.iac2023.org/registration/
Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresinə qeydiyyat ödənişlidir və bu proses Beynəlxalq Astronavtika Federasiyasının qaydalarına uyğun tənzimlənir.
14 iyun 2023-cü il tarixinədək güzəştli qiymətlə qeydiyyatdan keçərək konqresin yaratdığı imkanlardan faydalanın!
Vurğulayaq ki, Beynəlxalq Astronavtika Konqresi Azərbaycana milli kosmik ekosistemin təşviqi, azərbaycanlı alim və gənc tədqiqatçılar üçün beynəlxalq əlaqələrin yaradılması, 75-dən çox ölkədən 6000 yüksək ixtisaslı mütəxəssisin, o cümlədən 2500-dən artıq gəncin səfəri, Azərbaycanla bağlı məlumatlılıq səviyyəsinin artırılması və dövlətimizin qlobal müstəvidə artan nüfuzuna dəstək istiqamətində faydalar verəcək.
Beynəlxalq ticarət və logistika qovşağı olan Azərbaycan tədbir müddətində həm də kosmik mərkəzə çevriləcək, bu sahəni inkişaf etdirən qlobal auditoriyanın diqqət mərkəzində olacaq.