"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri hazırlanıb".
"Unikal" xəbər verir ki, bunu cümə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Səfərə gəlincə, belə bir səfər üzərində iş gedir", - o, Lavrovun fevralın sonunda Bakıya mümkün səfəri ilə bağlı sualı cavablandırarkən deyib.
Danışıqlarda vasitəçilik sualını cavablandıran XİN rəsmisi bildirib ki, Ermənistan və Azərbaycan nümayəndələri Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşlərdə Rusiyanın sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyiblər.
"Həm Ermənistan, həm də Azərbaycan tərəfləri ölkəmizin vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyiblər", - o, Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvan və Bakıya səfərini şərh edərkən deyib.
Zaxarova həmçinin bəyan edib ki, Rusiya “bu məsələ ilə bağlı Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyə” hazırdır.
Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı hökumətin iclasında bildirib ki, erməni tərəfi Azərbaycanla sülh sazişi layihəsi üzərində işi başa çatdıraraq onu Bakıya, eləcə də ATƏT-in Minsk Qrupu ölkələrinə göndərib.