"Ötən gün Milli Məclisin plenar iclasında “Sosial sığorta haqqında” qanuna yeni dəyişikliklər müzakirə edilərək birinci oxunuşda qəbul olundu. Uzun müddətdir ki, sərbəst vəsaitin sərmayəyə yönəldilməsini və bununla sosial müdafiə sisteminin maliyyə təminatının daha da gücləndirilməsi üçün əlavə resursların cəlbini təklif edirdik".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, yeni dəyişiklik Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə imkan verəcək.
"Dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək öz gəlirlərini artıra biləcək. Fond bununla gəlir mənbələrini şaxələndirəcək, yalnız büdcə transferləri və yığımlardan asılı olmayacaq. Bu isə fonda imkan verəcək ki, pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayıra bilsin. Riskləri sığortalamaq üçün sərbəst vəsait hər hansı kommersiya bankında deyil, yalnız Mərkəzi Bankda saxlanıla biləcək. Məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir. Bu isə o deməkdir ki, sərmayə mexanizmi növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacaq. Bu pensiya təminatının da güclənməsinə xidmət edəcək".