Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Dillər kafedrasının təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz - mənəvi sərvətimiz” adlı tədbir olub. 

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən ATMU-nun Elm və inkişaf məsələləri üzrə prorektoru professor İranə Əliyeva  bu gün dünyada yaşayan minlərlə millət və etnik qrupun iki yüzə yaxın dövlətin bayrağı altında cəmləşdiyini diqqətə çatdırıb. Bu ölkələrin rəsmi dövlət dillərinin sayca 70-i keçmədiyini xüsusi vurğulayıb. Bu mənada, dilin dövlət dili statusunun qazanmasını qürur gətirən tarixi hadisə kimi dəyərləndirən İ.Əliyeva Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili kimi təsbit edildiyini,2002-ci il sentyabrın 30-da isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul olunduğunu deyib. Ana dilimizi hər zaman sevib yaşatmağın məsuliyyətinə aydınlıq gətirib. 

Dillər kafedrasının dosenti Ağaverdi Xəlilov ana dilimizin inkişafı ilə bağlı Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətin əhəmiyyətindən, kafedranın müəllimi Mehriban Allahquluyeva isə ədəbi dilin inkişaf mərhələlərindən bəhs ediblər. “Ana dilimiz-mənəvi sərvətimiz”adlı tədbirdə adıkeçən kafedranın müəllimi Günel Əliyevanın müəllif- təqdimatında “Ana dilimizin dünəni və bugünü” adlı videoçarx nümayiş olunub.

Tədbirin gedişatinda universitet tələbələri  ana dilimizi vəsf edən şeirlərlə çıxış ediblər.