Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 23 fevral 2023-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, qəbuldan əvvəl nazir və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, mineral xammal, biomüxtəliflik, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.