Gecikdirilmiş kreditlərə görə borcludan məbləğin illik 5 %-dən artığı tələb olunmayacaq. Mülki məcəllədə bu barədə dəyişiklik edilməsi nəzərdə tutulur.
"Unikal" xəbər verir ki, məcəllədə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ödənişin gecikdirilməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır.
Mövzu ilə bağlı Aztv-yə danışan millət vəkili Vüqar İskəndərov bildirib ki, qanun layihəsi banklarda olan borc ödənişləri ilə bağlı müsbət dəyişikliyə səbəb olacaq.
İqtisadçı ekspert Eyyub Kərimli isə hesab edir ki, yeni qanun kredit götürülməsi zamanı hər hansı maliyyə itkilərinin qarşısını alacaq: "İndiyə kimi bu tip problemlər yaranan zaman banklar dəbbə pulu tətbiq edirdi. Bəzən günə 1-3 faiz də olurdu. Mövcud vəziyyət gecikən kreditlərin 20-30 faiz artmasına səbəb olurdu".