Martın 15-də Çin Kommunist Partiyasının (ÇKP) təşəbbüsü ilə “Modernləşmə yolu: siyasi partiyaların məsuliyyəti” mövzusunda ÇKP və dünya siyasi partiyalarının onlayn formatda yüksək səviyyəli dialoqu keçirilib.
"Unikal" xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP İdarə Heyəti və Təftiş Komissiyasının Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunda təmsil olunan üzvləri və Mərkəzi Aparatın məsul əməkdaşları tədbirdə iştirak ediblər.
ÇKP-nin XX Qurultayından sonra dünya siyasi partiyaları ilə ilk dəfə təşkil olunan dialoqda Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının baş katibi Si Cinpin çıxışında hər ölkənin öz milli xüsusiyyətlərinə və maraqlarına uyğun modernləşmə yolu seçməsinə dəstək ifadə edib, beynəlxalq münasibətlərdə hegemonluq və diktə siyasətini qəbuledilməz adlandırıb, müxtəlif ölkələrin siyasi partiyalarının yeni çağırışlar mühitinə uyğun dünyanın qurulmasında rolunun artırılmasına çağırış edib.
Tədbirdə gələcək inkişaf üçün yeni ideya, konsepsiya və strategiyanın təqdim edilməsi, müxtəlif ölkələrin siyasi partiyalarının iştirakı ilə daha sağlam və təhlükəsiz dünyanın qurulması məsələlərinə dair fikir mübadiləsi aparılıb.