Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq “AzərEnerji” silsilə tədbirləri davam etdirir.

"Unikal" xəbər verir ki, müstəqil energetikanın banisi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən “Azərbaycan” İES, “Şimal” ES, “Bakı” İEM və  “Şəmkir” SESS-də, o cümlədən “AzərEnerji”nin balansında olan “Qobu”, “Sumqayıt”, “Cənub” və digər elektrik stansiyalarının ərazisində ağacəkmə aksiyası keçirilir. Bundan əlavə ölkənin digər yerlərində olan 500, 330 və 110 kilovoltluq yarımstansiyaların ərazisində də ağaclar əkilir. 

Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək, Ümummilli Liderin ənənəsinə sadiq qalmaqdır. Bakı və ölkənin regionlarında yerləşən enerji obyektlərində “hərə bir ağac əksə” devizi ilə keçirilən aksiyalarda müxtəlif növdə 5 minə yaxın ağac əkilir. 

Qeyd edək ki, bundan əvvəl də “AzərEnerji”, “Azərişıq” və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Ulu Öndərin 100 illik yubileyi iə əlaqədar olaraq Xocəsən qəsəbəsində 7 minədək ağac əkilməsi aksiyasını gerçəkləşdirib.