"Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemləri ilə bağlı məsələyə də toxunmaq istərdim. İqlim dəyişməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının azalması, digər tərəfdən əhalinin sayının artması, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi son nəticədə su təhlükəsizliyi məsələsini ən aktual mövzulardan birinə çevirib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, dövlət başçısının tapşırığı ilə su ehtiyatlarından planlı, optimal və səmərəli şəkildə istifadənin təmin edilməsi və su təsərrüfatında yaranmış problemlərin həlli Hökumət qarşısında duran ən ciddi vəzifələrdən biridir.

"Dövlət başçısının Sərəncamı ilə 2020-ci ildə su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiya yaradılıb. Komissiya su ehtiyatlarından istifadəyə gündəlik rejimdə monitorinq və nəzarəti həyata keçirir.  Eyni zamanda yanacaq-enerji balansı ilə yanaşı, Azərbaycanda ilk dəfə olaraq su təsərüfatı balansı formalaşdırılıb. Bu balans çərçivəsində su ehtiyatlarının formalaşması və istifadəsi üzrə dəyərləndirmələr aparılır".

Anar Kəlbiyev