"Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenlə telefon danışığında deyib.
Belə ki, Azərbaycan son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib.
Dövlət başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir.
Telefon danışığı əsnasında ölkə rəhbəri bildirib ki, "Laçın-Xankəndi yolunun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır".
Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Buna görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır.