"Çox istərdim ki, Azərbaycan və Türkiyə liqaları bir olsun, ortaq çempionat keçirilsin".
"Unikal" xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda "Qalatasaray" komandasına 1:2 hesabı ilə məğlub olduqları xeyriyyə oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi stadiondakı möhtəşəm atmosferə görə azarkeşlərə təşəkkür edib: "Təşkilatçılara minnətdarlığımı bildirirəm. Oyundan çox razı qaldım. Məncə, baxımlı qarşılaşma oldu. Çoxlu qol epizodları var idi. Belə oyunlar futbola sevgini daha da çoxaldır və bizə böyük təcrübə verir. İşimizə görə çox şey qazandıq. Oyunun mahiyyətini bilirik. Yardım məqsədi ilə keçirirdik. "Qalatasaray" uğurlar arzulayıram. Çox yaxşı kollektivdir, çempionatda liderdirlər".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub.