Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkili hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdədir.
"Unikal"ın əldə etdiyi məlumata görə, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə Mərkəzə daxil olan millət vəkili müxtəlif tibbi prosedurlardan keçirilib, tomoqrafiya edilib və lazımi tibbi müdaxilələr edilir.
22:58
TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.
Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
xxx
22:24
Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.
"Unikal" musavat.com-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F. Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.
DİN Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.