Ekvatorial Qvineyada Marburq qızdırması ilə doqquz nəfər xəstələnib, yeddi halda xəstəliyin nəticəsi ölümcül olub.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı çərşənbə günü Cenevrədə keçirilən brifinqdə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus verib.
"Üç əyalətdə rəsmi olaraq bildirilən yoluxma hallarının sayı hələ də doqquzdur, yeddi ölüm var" deyə ÜST rəsmisi bildirib. Baş direktorun qeyd etdiyi kimi, "ÜST Marburq qızdırmasının əlavə hallarından xəbərdardır" və təşkilat Ekvatorial Qvineya hökumətindən "bu hallarla bağlı ÜST-yə rəsmi məlumat verməyi" xahiş edib.
Tanzaniyadan ÜST "səkkiz hadisə, beş ölüm" xəbərləri alıb,Qebreyesus bildirib.
"Bütün bu hallar ölkənin bir rayonunda qeydə alınıb. Hazırda üç xəstənin müalicəsi davam etdirilir. Xəstəliyə yoluxanlar arasında iki tibb işçisi də var. Onlardan biri dünyasını dəyişib".
Baş direktorun sözlərinə görə, ÜST və onun tərəfdaşları xəstəliklə mübarizədə hər iki ölkənin hökumətlərinə kömək təklif ediblər. ÜST ekspertləri "dörd peyvənd üçün sübutları nəzərdən keçirdilər". Qebreyesusun sözlərinə görə, peyvəndlərin sınaq protokolları hazırdır və tərəfdaşlar bu sınaqları dəstəkləməyə hazırdır.
Fevral ayında Ekvatorial Qvineyanın üç regionunda törədicisi Ebolanı törədən virusla eyni sinifə aid olan Marburq qızdırması epidemiyası baş verib. O, 20 nəfərin həyatına son qoyub. Müasir tibb Marburq virusunun insanlara yarasalardan keçdiyinə inanır. Daha sonra yoluxmuş şəxslə birbaşa təmasda olan insanlar arasında yayılır. Xəstəlik qəfildən yüksək hərarət və şiddətli baş ağrısı ilə başlayır. Yeddi gün ərzində yoluxmuş şəxslərdə hemorragik qızdırma əlamətləri yaranır. Marburq qızdırmasının ölümcülliyi virusun ştammından və müalicə üsullarından asılı olaraq 24%-dən 88%-ə qədərdir.
Hal-hazırda hemorragik qızdırmanın bu formasının müalicəsi yoxdur. Müalicə orqanizmin canlılığını qorumaqdır. Keçmişdə Anqola, Konqo Demokratik Respublikası, Keniya, Uqanda, Cənubi Afrika Respublikası və Qanada Marburq qızdırması halları qeydə alınıb. Mart ayında Tanzaniyada epidemiya baş verib . Xəstəlik öz adını 1967-ci ildə bu qızdırmanın baş verdiyi Almaniyanın Marburq şəhərindən almışdır. Onun törədicisi elmi tədqiqat üçün Afrikadan gətirilən meymunların toxumalarında olub.