Hava şəraiti haqqında məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında martın 30-u axşamdan aprelin 1-i günün ikinci yarısınadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-u axşam, 31-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir.

Martın 31-i gün ərzində fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi gözlənilir. 31-i axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti aprelin 3-ü səhərədək davam edəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.
Azərbaycanın rayonlarında martın 30-da şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir.

Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq, axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, 30-u axşam, 31-də gecə və səhər bəzi yerlərdə arabir 33-38 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.