Qılıncoynatmanın sablya növündə yeniyetmə idmançımız Zərifə Hüseynova Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında gümüş medal qazanıb.
"Unikal" xəbər verir ki, dünya çempionatının ikinci yarış günündə yeniyetmə oğlan və qız sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.
Qrup mərhələsini 5 qələbə ilə bitirən Zərifə yarımfinala gedən yolda Bolqarıstan, Koreya Respublikası, İtaliya və Macarıstanı təmsil edən sablyaçılara qalib gələrək ən güclü dördlüyə yüksəlib.
İdmançımız yarımfinalda ABŞ sablyaçısı Jenna Şomana 15:13 hesabı ilə qalib gəlib. Finalda Macarıstan qılıncoynadanı Emese Domonkosla qarşılaşan Zərifə Hüseynova rəqibinə 12:15 hesabı ilə uduzaraq dünya çempionatının gümüş medalını qazanıb. İdmançımız bununla da Azərbaycan qılıncoynatma tarixində ilkə imza atıb.
Xatırladaq ki, Zərifə Hüseynova daha öncə 2021-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.