Bəzi məmurların müdhiş tender korrupsiyası
12:45 15-03-2013
İQTİSADİYYAT
Onların öz şirkətlərini necə “çiçəkləndirdiyinin” gizlinləri «Unikal»da!
Azərbaycanda korrupsiyanın vacib ünsürlərindən biri tenderlərdir. Müşahidələr göstərir ki, ölkədəki bir çox məmurlar iri pulların sərf olunacağı layihələr üzərində nəzarəti əldə saxlamaq və həmin pulların qeyri-şəffaf xərclənərək müəyyən bir hissəsini mənimsəmək üçün tenderlərə gizli barmaq edir, onu formal müsabiqəyə çevirir və sonda istəyinə nail olurlar.
Bu yazıda məhz bu haqda danışacaq, bir çox məmurların varlanmaq vasitəsinə çevirdikləri tender korrupsiyasının gizlinlərinə baş vurmağa çalışacağıq.
Mövzu ilə bağlı «Unikal»a açıqlama verən adının çəkilməsini istəməyən iqtisadçı-ekspertin sözlərinə görə, “Dövlət satınalmaları haqqında” Qanunun 25-ci maddəsinin birinci və ikinci bəndinə görə açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, ikimərhələli tenderin elanında isə bu müddətlər müvafiq olaraq 60 və 40 bank günü əvvəl verilməlidir. Tender elanları rəsmi mətbuatda dərc edilsə də, nəticələri barədə məlumat nadir hallarda verilir.
Ekspert hesab edir ki, məhz bu məqam da onun şəffaf keçirilməməsindən xəbər verir. Beynəlxalq praktikaya görə, tenderi o şirkət udmalıdır ki, o təklif olunan iş və ya xidməti daha ucuz qiymətə, daha qısa müddətə, daha keyfiyyətli görür. “Dövlət satınalmaları haqqında” Qanun da satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını özündə əks etdirir.
Ancaq bu gün Azərbaycanda satınalmalar prosesində baş verənlərdən aşkarlıqdan çox uzaqdır. Ümumiyyətlə, ölkə ictimaiyyətinin çox vaxt tenderlərdən xəbəri olmur. Çünki tenderə adətən məmurların himayə etdiyi şirkətlər buraxılır.
Ekspert bizimlə söhbətində Azərbaycandakı «tender korrupsiyası» ilə bağlı başqa bir ilginc məqama toxundu. Məsələ burasındadır ki, Azərbaycanda keçirilən tenderlərlə bağlı faiz söhbəti də var. Bu nə deməkdir?
Söhbət ondan gedir ki, tenderə çıxarılan xidmət və iş üçün müqaviləyə uyğun olaraq ayrılan vəsaitin bir hissəsi bəri başdan tenderi keçirənlər tərəfindən “qalib” şirkətdən alınır. Qanunun 39-cu madəssinə əsasən tender prosedurları zamanı verilmiş tender təklifi ilə əlaqədar satınalan təşkilatla tenderdə iştirak edən malgöndərən (podratçı) arasında danışıqlar aparılmasına yol verilmir. Qanun yol vermir, amma reallıqda bunun tərsi baş verir. Dövlət satınalmalarında ən təhlükəli məqam da budur.
Aydındır ki, tenderdə qalib gələn şirkət verdiyi faizi kompensasiya etmək və daha böyük gəlir əldə etmək üçün keyfiyyətsiz iş görür. Biz dəfələrlə şahid oluruq ki, hansısa yüksək məbləğə icra olunan layihə başa çatır, amma aradan çox keçmir ki, həyata keçirilən layihənin nəticəsi olaraq ortaya çıxan məhsulun keyfiyyətsizliyi barədə məlumatlar medianı başına götürür. Bu məhz yuxarıdakı «faiz» söhbətinin məntiqi sonluğudur.
Azərbaycandakı tender korrupsiyasının daha bir ilginc yanı var: adı olan və heç bir fəaliyyəti olmayan əldəqayırma şirkətlər tenderdə «qalib» gəlir. Halbuki satınalma müqaviləsinin icrasını təmin etmək üçün qalib şirkətlərin müvafiq sahədə peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı diqqətə alınmalıdır. Bunu qanunun 6-cı maddəsi tələb edir. Amma göründüyü kimi, bəzi məmurların özbaşınalığı, «qaz vurub qazan doldurmaq» ehtirasının həddən artıq güclü olması sayəsində buna da əməl edilmir. İşçisi olmayan şirkətlər layihəni həyata keçirərkən küçələrdən qeyri-peşəkar insanları işə cəlb edirlər. Onlar ilə əmək müqavilələri bağlanmır və nəticədə işçilərə görə şirkətlər tərəfindən məcburi sosial sığorta haqları da ödənilmir. Bu azmış kimi əmək haqqları nəzərdə tutulduğundan bir neçə dəfə az ödənilir. Məqsəd az xərclə daha çox qazanmaq hərisliyidir. Neqativ hallar Tender komissiyasının məsuliyyətsizliyini göstərir. Qanunun 38-ci maddəsinə görə, tender komissiyasının sədri və üzvləri vəzifələrini yerinə yetirərkən obyektiv və bitərəf mövqedən çıxış etməlidirlər. Əgər onların qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunmalı və satınalan təşkilat həmin iş üzrə yeni tərkibdə tender keçirməlidir.
Amma qanunvericiliyin həmin tələbi də bəzi məmurlar tərəfindən ayaqaltı edilir. Onlar əllərindəki təsir rıçaqlarını, hökumət içərisindəki güclərini işə salaraq bunu da əngəlləyirlər.
Yuxarıda oxuculara Azərbaycandakı «tender korrupsiyası»nın (hansı ki, bəzi məmurlar tərəfindən həyata keçirilir) kifayət qədər ilginc gizlinləri var. Nəticədə bundan itirən dövlət və onun iqtisadiyyatı, büdcəsidir. Əvəzində isə kimlərsə öz ciblərini doldurur, özlərinin və yaxınlarının nəzarətindəki şirkətlərin çiçəklənməsinə, şəxsi biznes imperiyalarının böyüməsinə nail olurlar.
Artıq hökumətin bu məsələyə əl qoymaq və ölkədə tenderlə bağlı yaranmış özbaşınalıq, anormal ənənəni sındırmaq vaxtı çatıb.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00