Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun apellyasiya məhkəməsinin bu gün yekunlaşacağı gözlənilir.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünən Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə sonuncu dinləmələr keçirilib.
Zərərçəkənlərdən biri, keçmiş prokurorluq əməkdaşı Zaur Əliyev ifadə verib. O deyib ki, MTN-in təcridxanası vaxtilə zindan kimi istifadə olunub: “25 il prokurorluq orqanında çalışmışam. 10 il ərzində bu dəstə Azərbaycan vətəndaşlarına qarşı cinayət törədib. Məqsəd pul qazanmaq, varlanmaq olub. Bundan ötrü vətəndaşları girov götürüb zindanda saxlayıblar. Ailə üzvlərinə hədə-qorxu gəlməklə pul alıblar. Mövlam Şıxəliyev bu cinayəti təkbaşına törədə bilməzdi. Baş prokuror Zakir Qaralov və birinci müavini Rüstəm Usubovla bu cinayətlərin gerçəkləşməsində əlbir olublar.
Fikir verin, bütün zərərçəkənlər demək olar ki, eyni ssenari üzrə həbs olunub, yaxınları ilə danışıqlar başlayıb və razılıq əldə ediləndən sonra xəstə adı ilə azadlığa buraxılıblar. Mənim özümü də qanunsuz həbs edərək zindanda saxlayıblar. Ailəmdəm 100 min dollar alandan sonra ekspertə yazdırıblar ki, guya mən ürək xəstəsiyəm. Sonra azad ediblər. Mənim ürək xəstəliyim olmayıb, yoxdur. Təsəvvür edin, məni 260 manatlıq suvenirə görə qaçaqmalçılıq maddəsi ilə tutmuşdular. Bu gün də bizim barəmizdəki saxta ekspert rəylərinə hüquqi qiymət verilməyib, barəmizdəki saxta hökmlər ləğv olunmayıb. Bu şəkildə istintaqın aparılması Mövlam Şıxəliyev və digərlərinə gələcəkdə barələrindəki qanuni hökmləri mübahisələndirmək imkanları açır. Bu adamlar mən həbsdə olduğum müddətdə ailəmə hədə-qorxu gəlməklə külli miqdarda pul alıblar. Bunlar MTN-də “Əlibaba və 40 quldur” olublar. Səhərlər cinayətləri araşdırma görüntüsü yaradıblar, axşamlar isə cinayət törətməklə məşğul olublar.
Mövlam Şıxəliyev Avropa Məhkəməsindəki dostlarından danışır. Deyir ki, istəmirəm Avropa Məhkəməsindəki dostlarıma bu iş gedib çıxsın. O, faktiki olaraq Azərbaycan dövlətini Avropa Məhkəməsi ilə hədələyir. Mən 2010-cu ildə qanunsuz həbs ediləndən sonra Avropa Məhkəməsinə müraciət etmişəm. Bu günə qədər Avropa Məhkəməsindən xəbər yoxdur. Yəqin ki, mənim qovluğum Avropa Məhkəməsindən oğurlanıb”.
Zərərçəkən təqsirləndirilən şəxslərin bütün əmlaklarının, o cümlədən Xudatda yerləşən, 50 faizi Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevə məxsus “Çobanbulaq” istirahət mərkəzinin müsadirə olunmasını istəyib.
Zərərçəkənlərdən bir neçəsinin vəkili olan Osman Kazımov çıxışında MTN-çilərin ittiham olunduqları cinayətləri necə törətdiklərini izah edib: “Mütəşəkkil dəstə çoxsaylı cinayətlərin törədilməsi üçün yaradılıb. İlk olaraq əməliyyatçılar işə düşüb. Adətən qurbanlarını 6-cı gün həbs ediblər. 6-cı günü seçməkləri təsadüfi olmayıb. Çünki həmin gün qısa iş günüdür. Tutulan şəxs həmin gün vəkillə müqavilə bağlaya bilmir. Səhəri bazar günü olduğundan adamı saxlamaq üçün bir gün də vaxt qazanırlar. Danışıq aparıb sıxırlar, pul məsələsini həll edirlər. Alınmadısa, işi istintaqa verirlər.
Pul ala bilmədikləri adamlar barəsində Səbail Məhkəməsində həbs qərarı çıxartdırırlar. Bundan sonra da pul tələbi davam edir. Ailə üzvlərinin həbsi məsələsi qoyulur. Özlərinə də deyilir ki, pul məsələsi həll olunmasa, işi məhkəməyə göndərib ağır cəza təyin etdirəcəklər, ağır şərtlərdə saxlanılacaqsız. Yəni istintaq, məhkəmə, məhkəmə tibb ekspertizası, cəzaçəkmə orqanı bir-biri ilə əlaqəli çalışıblar. Eyni təşkilat olublar.
Nəyə görə əksər zərərçəkmişlər həbs olunansan sonra evlərini banka girov qoyub, pul götürürlər, maşınlarını, mülklərini satırlar? Əlbəttə ki, həbsdən azad edilmək qarşılığında tələb olunan pulu vermək üçün. Bu adamların içində sürücü işləyən Məcid Anqubazovu da tutublar. Görüblər, həqiqətən pulu yoxdur. 1 il həbsdə saxlayıb məhkəmə zalından azad ediblər.
Məsələn, Əhməd Mirzəyevi qanunsuz həbs edərək 400 min dollar alıblar. Onu həbsdən azad edəndən sonra da əl çəkməyiblər. Obyektindən tikinti-təsərrüfat təyinatlı mallar götürüblər. Mövlam Şıxəliyevə kostyum, saat, telefonlar, silah, gödəkçə aldırıblar”.
Mövlam Şıxəliyev bu yerdə vəkilə “səviyyəsiz söhbətlər eləmə”, deyə etiraz edib. Vəkil “səviyyəsiz başqasına gödəkçə, saat, silah aldırandır”, deyərək çıxışına davam edib: “Mövlam Şıxəliyev hazırkı iş üzrə zərərçəkənlərə vurulan ziyanı ödəmək əvəzinə, vəkil Elçin Qəmbərova 500 min manat rüşvət verməklə məhkəmə dövründə azadlıqda qalmağa çalışıb. Halbuki həmin məbləği ödəməklə azı 5 zərərçəkənə vurulan ziyanı ödəmək olardı. Bunun əvəzinə 500 min rüşvət vermək istəyirlər. Nəticə də göz qabağındadır. Bu adamlar istintaq, məhkəmə dövründə cinayətlərini etiraf etmədilər, üstəlik zərərçəkənləri hədələməkdən də çəkinmirlər”.
Çıxışa Mövlam Şıxəliyev müdaxilə edib:
- Orada yazılıb ki, mən kiməsə pul vermişəm?
Zaur Əliyev: - Bəli, yazılıb ki, sənin barəndə həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün 500 min rüşvəti oğlun aparıb Elçin Qəmbərova verib. Al, bu da həmin hökm.
Bundan sonra tərəflər qarşılıqlı təhqirə keçiblər.
Fotoda: Mövlam Şıxəliyev
Hakim prosesə müdaxilə edib və çıxış üçün söz dövlət ittihamçısına verilib. O, ibtidai istintaqda üzərinə həbs qoyulan əmlakların müsadirə edilməsini xahiş edib. Həmçinin Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlakların da müsadirə olunmasını istəyib. Dövlət ittihamçısı zərərçəkənlərin apellyasiya şikayətlərinin əsaslı olduğunu və bu səbəbdən də təmin edilməlisini xahiş edib. Qərarın gün ərzində elan ediləcəyi gözlənilir.
Xatırladaq ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
Ötən ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətə azadlıqdan məhrum edilib. Generalın 7,7 milyon manatlıq əmlakı müsadirə edilib. Qərardan apellyasiya şikayəti verən MTN-çilərin məhkəməsi davam edir.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.