Sahibkarlar yersiz yoxlama və müdaxilələrdən qorunacaqmı?
13:18 15-03-2013
İQTİSADİYYAT
Rövşən Ağayev: “Sahibkarlar üçün külli miqdarda saxta və heç bir hüquqi əsası olmayan maneələr və çətinliklər yaradılır”
Azərbaycanda sahibkarları yersiz yoxlamalar və müdaxilələrdən qorumaq, yoxlayıcı orqanlar tərəfindən həyata keçirilən planlı və plandankənar yoxlamaların sahibkarların normal fəaliyyətinə mane olmaması üçün yeni qanun qəbul olunacaq. Buna görə də Milli Məclisin İqtisadi Siyasət və Hüquq Siyasəti və Dövlət Quruculuğu komitələrinin birgə keçirilən iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılır.
Qanun layihəsində sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) aparılır və məhz bu bölgünün nəticəsindən asılı olaraq yoxlamaların aparılması tezliyi müəyyən edilir.
Qanun layihəsinə əsasən, yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupuna aid sahibkarlara isə üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Yoxlamaların elektron uçotu aparılmalıdır.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, tanınmış ekspert Rövşən Ağayevin “Unikal”a bildirdiyinə görə, “İlk baxışdan Azərbaycan qanunvericiliyi ölkə sahibkarları üçün normal fəaliyyət şəraitini təmin edir. Bir daha təkrar edirəm: ilk baxışdan… Lakin gerçək həyata gələndə isə sahibkarlar üçün külli miqdarda saxta və heç bir hüquqi əsası olmayan maneələr və çətinliklər yaradılır. Müxtəlif ranqlı sahibkarlar bizimlə söhbətdə bildirirlər ki, “Vergi strukturları qanun baxımından bizim üçün ciddi problemlər yaratmaq durumunda deyil, amma onların qeyri-rəsmi müdaxilələri və qeyri-rəsmi tələbləri xoşagəlməz situasiyalara aparıb çıxardır”. Və sahibkarlar haqlıdırlar. Hazırda Azərbaycanda biznes mühitini korlayan ən mühüm amillərdən biri vergi məmurlarının kommersiya strukturları ilə kefləri istəyən şəkildə davranmaları və onları qanunsuz şəkildə “yükləmələridir”.
Ekspertin sözlərinə görə, “Ölkədə sahibkarlığın inkişafına mane olan ikinci struktur Əmək Müfəttişliyidir. Sahibkarların dediklərinə görə, bu qurumun əməkdaşları istədikləri vaxt və istədikləri formada onların işlərinə müdaxilə edə bilirlər və bu müdaxilənin kökündə də maddi maraqlar durur. Sahibkarların gileyləndiyi üçüncü problem isə xaricdən müəyyən malların gətirilməsi ilə bağlıdır. Azərbaycan elə bir iqtisadi mühitə malikdir ki, burada istehsal strukturları yaratmaq üçün xarici ölkələrdən müəyyən dəzgahların, ehtiyat hissələrinin alınıb gətirilməsi lazımdır. Bu məqamda gətiriləcək mallar üçün müvafiq qurumlardan lisenziya almaq böyük problemə çevrilir. Əslində, bu problemləşmə daha çox ölkə iqtisadiyyatındakı monopoliya ilə bağlıdır”.
Ekspert hesab edir ki, “Yuxarıda sözügedən qanun layihəsinin Milli Məclisdə qəbul edilməsi üçün hazırlanması təqdirəlayiq hal olsa da, bu addım da sahibkarların problemini həll etməyəcək və onları yersiz müdaxilə və yoxlamalardan qoruya bilməyəcək. Sözügedən qanun layihəsinin qəbulundan öncə rəqabət barədə qanun qəbul edilməlidir ki, sahibkarlar, nəhayət, özlərini sərbəst və bizneslərini güvəndə hiss edə bilsinlər. Biznes fəaliyyəti üçün Rəqabət Məcəlləsi qəbul edilsə, yuxarıdakı qanun layihəsinə ehtiyac qalmaz”.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00