"Ən çox müzakirə olunan məsələlərdən biri İran-Azərbaycan müharibəsi ola bilərmi sualıdır. Mənə elə gəlir ki, İran daha çox əzələ nümayiş etdirir, bizə xox gəlmək istəyir. Onlar yəqin fərqindədirlər ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil".
Bunu "Unikal"a açıqlamasında deputat Elman Nəsirov deyib. Onun sözlərinə görə, bu gün ölkəmiz dünyanın 50 ən güclü dövləti sırasında yer alıb:
"Azərbaycan 5-ci nəsil silahlarla silahlanmış dövlətdir. Eyni zamanda tarixi zəfərə imza atmışıq. Bu gün Azərbaycanın çox güclü müttəfiqləri var. Xüsusilə Türkiyəni qeyd etmək istərdim. Biz həm də hərbi müttəfiqik. Əgər, İran Azərbaycana hücum edərsə, belə olan halda Şuşa Bəyannaməsinə uyğun olaraq Türkiyə ilə də müharibə vəziyyətinə girmiş olur. Yəni, İran-Azərbaycan müharibəsi İran-Türkiyə müharibəsinə çevrilir. Türkiyə NATO ölkəsidir və NATO ölkəsi müharibəyə cəlb olunubsa, digər NATO ölkələrinin də onun yanında yer alması təşkilatın nizamnaməsinin 5-ci maddəsinin tələbidir. Fikir verin, belə olan halda İranın Azərbaycana bir təcavüzü nəticə etibarı ilə NATO-İran müharibəsini labüd edə bilir. Bu isə dünya müharibəsinə gedib çıxa bilir. Onu da unutmayaq ki, ABŞ və İsrail hər bir zaman İrana qarşı güc tətbiqinə maraqlıdır. Amma Azərbaycan Prezidenti praqmatik bir siyasət həyata keçirir. Biz sülhpərvər dövlətik və heç kimlə müharibə istəmirik. Münaqişələrin dinc yolla tənzimlənməsini istəyirik. Bu, Azərbaycan dövlətinin qətiyyətli, prinsipial mövqeyidir".
Deputat bildirib ki, əgər İran tərəfi Azərbaycana münasibətdə hərbi güc tətbiqini reallaşdırarsa, bu onlar üçün çox fəlakətli nəticələrə gətirib çıxara bilər: "İran onu da unutmur ki, bu ölkənin vətəndaşı olan 35-40 milyonluq soydaşımız var. İkinci Qarabağ müharibəsində İrandan Ermənistana daşınan silahların qarşısının alınmasında onların hansı fədakarlığı göstərdiklərini unutmayıblar. Sizcə, bu gün İran dövləti Azərbaycana təcavüz edəndə azərbaycanlıları silahlandırıb Azərbaycanamı göndərəcək? Bu, qeyri-mümkündür. Hesab edirəm ki, İran belə bir addım atsa, odla oynamış olur".
Anar Kəlbiyev