"Bu gün Naxçıvana getmək üçün ya təyyarə ilə uçmalıyıq, ya da avtobus və ya avtomobillə İran ərazisindən keçməliyik. Yaxud daha uzun marşrutla – Gürcüstan və Türkiyə ərazilərindən keçərək Naxçıvana daxil olmalıyıq. Bu, çox narahatlıq və problemlər yaradır".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
"İkinci Qarabağ müharibəsi bizim Qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ keçirə bilərdik. Həmin vaxt Ermənistan ordusu mənəvi cəhətdən tamamilə sarsılmışdı. Ermənistan ordusunda müharibədən qaçan 12 min fərari olmuşdu, Azərbaycan Ordusunda isə sıfır. Azərbaycan Ordusunda yüksək ruh, insanlarda böyük həvəs oyanmışdı və qarşımızda heç kəs dayana bilmirdi. Biz 2020-ci il noyabrın 10-da, sadəcə, sərhədimizdə dayandıq, bu yolu zorla ələ keçirmədik, amma Ermənistana bildirdik ki, onlar Naxçıvanla əlaqəmizi kəsə bilməzlər. Təxminən beş il ərzində bu əlaqə xətləri ilə bağlı onlarla danışıqlar apardıq. Bu müddət ərzində Naxçıvanla birləşmək üçün Ermənistan sərhədinədək dəmir yolu tikməyə və magistral yollar salmağa başladıq. Magistral yol layihələrinin, eləcə də dəmir yolunun ola bilsin gələn il hazır olacağını gözləyirik", - dövlət başçısı bildirib.
Azərbaycan lideri söyləyib ki, təxminən beş il ərzində Ermənistan bizim tələblərimiz və qanuni istəklərimiz qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi:
"Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur".