Bu gün Naxçıvana getmək üçün ya təyyarə ilə uçmalıyıq, ya da avtobus və ya avtomobillə İran ərazisindən keçməliyik. Yaxud daha uzun marşrutla – Gürcüstan və Türkiyə ərazilərindən keçərək Naxçıvana daxil olmalıyıq.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, bu, çox narahatlıq və problemlər yaradır: “İkinci Qarabağ müharibəsi bizim Qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ keçirə bilərdik. Həmin vaxt Ermənistan ordusu mənəvi cəhətdən tamamilə sarsılmışdı. Ermənistan ordusunda müharibədən qaçan 12 min fərari olmuşdu, Azərbaycan Ordusunda isə sıfır. Azərbaycan Ordusunda yüksək ruh, insanlarda böyük həvəs oyanmışdı və qarşımızda heç kəs dayana bilmirdi. Biz 2020-ci il noyabrın 10-da, sadəcə, sərhədimizdə dayandıq, bu yolu zorla ələ keçirmədik, amma Ermənistana bildirdik ki, onlar Naxçıvanla əlaqəmizi kəsə bilməzlər. Təxminən beş il ərzində bu əlaqə xətləri ilə bağlı onlarla danışıqlar apardıq. Bu müddət ərzində Naxçıvanla birləşmək üçün Ermənistan sərhədinədək dəmir yolu tikməyə və magistral yollar salmağa başladıq. Magistral yol layihələrinin, eləcə də dəmir yolunun ola bilsin gələn il hazır olacağını gözləyirik”.