Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 10-da ölkəmizdə səfərdə olan Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən "Unikal"a bildirilib ki, görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında səmərəli əməkdaşlıq müsbət qiymətləndirilib, Azərbaycan-Rusiya əlaqələrinin inkişafında bu qarşılıqlı fəaliyyətin rolu qeyd edilib.
Həştərxanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bir sıra tədbirlərin keçiriləcəyindən məmnunluq ifadə olunub.
Görüşdə Azərbaycan və Həştərxan vilayəti arasında ticari-iqtisadi, nəqliyyat, tranzit sahələrində, sənaye kooperasiyası, o cümlədən maşınqayırma sahəsində, eləcə də limanlararası əlaqələr və humanitar qarşılıqlı fəaliyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.