Bakıda 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Unikal" report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib.
Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Təqsirləndirilən şəxs bildirib ki, 2020-ci ildə narkotikə görə həbs olunan Ziya adlı bir oğlanla tanış olub və sonra ondan hamilə qalıb:
"Ziyadan ayrılandan sonra Xəlil adlı oğlanla görüşdüm. Mən uşaqdan bezmişdim, ona baxmağa vaxtım yox idi. Sevgilim Xəlillə görüşə bilmirdim. Sonra oğlumun yeməyinə hidrogen peroksid qatıb içirtdim. Onun ağzından köpük gəldi, amma ölməmişdi. Daha sonra onu boğub öldürdüm".
Zərərçəkmiş şəxsin hüquqi varisi, eyni zamanda təqsirləndirilən şəxsin anası olan Leyla Bağıyeva ifadə verib. Onun sözlərinə görə, uşaq ölməzdən 2 saat qabaq onun nəzarətində olub:
"Mən kafedə qabyuyan işləyirdim. Uşağa özüm baxırdım. Nərgiz mənə dedi ki, uşağı aparım evə biraz oynadım. Beləcə uşağı aparıb evdə yeməyinə hidrogen peroksid qataraq öldürüb. Qızım hər yerdə deyirdi ki uşağı aparıb yetimlər evinə verəcəm. Uşağı öldürəndən sonra körpəni götürüb Xəlillə görüşə gedib. Daha sonra uşağı xəstəxanaya aparıb cavabdeh şəxs kimi mənim adımı verib. Qızımın az da olsa başında çatışmazlığı var".
Məhkəmənin növbəti iclası iyunun 12-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyeva 2021-ci il təvəllüdlü uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
N.Bağıyevaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.