"İrəvan və Bakı birgə yaşayış formulunu tapmalıdır".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, təhlükəsizlik problemləri həll olunmadan ölkənin inkişafı mümkün deyil. Paşinyan parlamentdə hökumət saatında çıxışı zamanı deyib ki, aprelin 11-də Ermənistan və Azərbaycan sərhədində baş verən atışma nəticəsində hər iki tərəf itki verib.
"Bizim strateji vəzifəmiz birgəyaşayış formulunu tapmaqdır, başqa variant yoxdur. Heç bir hadisə bizim strateji vəzifəmizi dəyişdirmir ”, - Paşinyan bildirib .
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistan və Azərbaycan danışıqların növbəti raundunun Moskvada keçirilməsi təklifini qəbul ediblər. O, Rusiyanın Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına kömək etmək səylərinin zəifləmədiyini qeyd edərək, aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş verən atışmanın Qərbin müdaxiləsi ilə bağlı olduğunu bildirib. Diplomat həmçinin bəyan edib ki, münaqişənin həllində heç vaxt iştirak etməyən kənar oyunçuların və ya strukturların vəziyyətə gətirilməsi sülhə gətirib çıxarmayacaq.