"Ermənistanın Laçında törətdiyi təxribat əvvəlcədən hazırlanmış bir plan idi".
Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O xatırladıb ki, təxribat hadisəsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan sərhəd qoşunlarının komandanını işdən çıxarıb:
"İddialara görə o, əməliyyatı uğurla həyata keçirmədiyinə görə vəzifəsindən kənarlaşdırılıb. Siyasi nöqteyi-nəzərdən isə fikirlər söylənilir ki, Paşinyan bu addımı atmaqla təxribatda əlinin olmadığını göstərməyə çalışır. Buna baxmayaraq, təxribatın yüksək siyasi səviyyədə hazırlandığı məlumdur. Ermənilərin təxribatı törətməkdə məqsədi həm İrandan, həm də Hindistandan alınmış silahların sınaqdan keçirilməsi, Ermənistan ordusunun uğur qazana biləcəyinə dair illuziyaların yaradılması və uğur qazanacağı təqdirdə bunun Azərbaycan üçün gözdağı yaratması idi. Onlar öz məqsədlərinə nail ola bilmədilər.
Üstəlik, prosesdə İranın iştirakı da birmənalıdır. İran nəinki Ermənistana silah-sursat verib, həmçinin öz təlimatçılarını ora göndərib. Döyüşlər başlayanda dronların uçuşu və raket texnikasının işə salınmasının da onların iştirakı ilə həyata keçirildiyi sübuta yetirilib. Onu da qeyd edim ki, vəziyyət hazırda sabitləşib", - deyə o bildirib.
Murad İbrahimli