Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş Türkiyədə səfərdədir.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində Bursa Böyükşəhər Bələdiyyə binasında görüş olub. Yeni Azərbaycan Partiyasının Türkiyəyə səfərinin dostluq, qardaşlıq və həmrəylik örnəyi kimi əhəmiyyətindən bəhs edilib. Görüş zamanı Prezident İlham Əliyevin "Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır" fikri xatırladılaraq iki qardaş dövlətin birliyinin əbədi və sarsılmaz olduğu bildirilib.
Daha sonra nümayəndə heyəti AK Parti Bursa rayon təşkilatını ziyarət edib. Görüş zamanı tarixi köklərə və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində strateji müttəfiqlik zirvəsinə yüksəldiyi söylənib. YAP ilə AK Parti arasındakı münasibətlərin hazırkı durumu və perspektivləri ilə əlaqədar fikir mübadiləsi aparılıb. 2021-ci ildə iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək mühüm addımların atıldığı, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına əhəmiyyətli töhfə olduğu diqqətə çatdırılıb.
YAP nümayəndə heyəti Bursa Sənaye-Ticarət Odasında da olub. Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqliyə əsaslanan çoxşaxəli münasibətlərin nümunəvi xarakter daşıdığı qeyd edilib. Bildirilib ki, bütün sahələrdə olduğu kimi, iqtisadi müstəvidə də səmərəli əməkdaşlıq mövcuddur və iş adamları bu prosesdə fəal rol oynayırlar.
Bunlarla yanaşı, səfər çərçivəsində nümayəndə heyəti Bursada tarixi məkanları ziyarət edib, Kozahan qapalı çarşısında olub, yerli sakinlərlə görüşüb. Eyni zamanda, Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Bursada Qafqaz - Axıska dərnəkləri və azərbaycanli tələbələrin iştirakı ilə təşkil edilən iftar mərasimində olub. Azərbaycan ilə Türkiyənin bir millətin iki dövləti kimi tarixi köklərinə bağlı olduğu, ortaq dini və milli dəyərləri yaşatdığı vurğulanaraq dostluq, qardaşlıq mesajları verilib.