"Bir ay sonra qardaş Türkiyədə seçki baş tutacaq. Türkiyə vətəndaşları öz prezidentlərini və millət vəkillərini seçəcəklər. Bu seçki son 100 ilin ən vacib seçimlərindən hesab olunur. 2023-cü ildə Türkiyə vətəndaşlarının seçimi uzun illər üçün qardaş dövlətin strategiyasını müəyyənləşdirəcək".
"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək verən ölkələrdəndir: "İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib. İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanlarının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı, eləcə də müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması bunları təsdiq edir".
Deputat qeyd edib ki, son illər qardaş ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb:
"2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa, bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq. Digər tərəfdən, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdısa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur. Türkiyədəki seçkinin nəticələri region üçün də əhəmiyyətlidir. İnanırıq ki, nəticələr mövcud düzənin möhkəmlənməsinə xidmət edəcək".
Seymur Əli