Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə Abşeron Milli Parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "İstehsal et, təbiətə zərər vermə!" devizi ilə mikro və kiçik sahibkarların sərgi-satış yarmarkası keçiriləcək.
"Unikal" xəbər verir ki, sərgi-satış yarmarkasında 20-yə yaxın sahibkarın 100 çeşiddə məhsulu təqdim olunacaq. Eyni zamanda tədbirdə at və fayton gəzintisi, Şahdili turu, ustad dərsləri və digər əyləncəli proqramlar təşkil ediləcək.
Tədbir iştirakçıları Şahdili mənzərəsi fonunda yarmarkada təqdim olunan məhsullardan bəhrələnmək, əyləncəli xidmətlərdən istifadə etmək, Abşeron Milli Parkını ödənişsiz ziyarət etmək imkanı qazanacaqlar.