Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionu Nuray Güngörə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
"Əziz Nuray,
Ağır atletika üzrə Avropa çempionu adını qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirik.
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında böyük qələbə əzmi ilə ölkənizi ləyaqətlə təmsil edərək möhtəşəm uğura imza atmağınız, Türkiyənin şanlı bayrağını yüksəklərə qaldırmağınız, Dövlət Himnini səsləndirməyiniz bizi çox sevindirdi və qürurlandırdı. Avropa birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq medallarınızı Azərbaycana həsr etdiyiniz üçün də Sizə xüsusi təşəkkür edirik.
Sevincimizi və kədərimizi birgə paylaşdığımız qardaş Türkiyənin biz olmayan yerdə bizi təmsil etməsi bir millət, iki dövlət olmağımızı bir daha bütün dünyaya bariz şəkildə nümayiş etdirdi.
Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik".