"Ermənistan Azərbaycan torpaqlarını 30 il işğalda saxlayıb, ərazilərində barbarlıq edib".
Bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, Ermənistanda bayrağımızın yandırılması və itkin düşən əsgərlərimizin həbs edilməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanılıb:
"Ermənistan Xarici İşlər Nazirliyi son bəyanatında Azərbaycanı ittiham edib. Ermənilər bilməlidirlər ki, işğalçı Ermənistanın Azərbaycanı nədəsə ittiham etməsinə ehtiyac yoxdur.
Cənab Prezident İlham Əliyev Salyan və Neftçala rayonlarına səfəri zamanı etdiyi çıxışında Azərbaycanın mövqeyini bir daha ortaya qoydu. Azərbaycan torpaqlarını işğaldan azad edib və öz ərazilərində suveren hüquqlara malikdir. Onu da qeyd edək ki, Ermənistan bu günədək Azərbaycanın 8 kəndini də işğal altında saxlayıb. Ermənistan bu məsələdə Azərbaycana cavab verə bilmir, çünki ortada konkret faktlar və xəritə var.
Hesab edirəm ki, Ermənistan XİN-in bəyanatı beynəlxalq ictimaiyyəti çaşdırmaqdan başqa bir şey deyil. Onlar özləri də yaxşı bilirlər ki, Azərbaycan haqq işindədir və Azərbaycanın dediyi həqiqətdir. Heç bir bəyanat və yaxud siyasi təzyiq Azərbaycanı suveren hüquqlarından imtina etməyə məcbur edə bilməz", - deyə A. Mirzəzadə qeyd edib.
Deputat həmçinin Qarabağdakı separatçıların həmin ərazilərədn getməsindən də danışıb. O bildirib ki, Qarabağda 25 minə qədər erməni əsilli insan yaşayır:
"Həmin adamların hüquqi statusu hələ də müəyyənləşməyib. Azərbaycan onlara vətəndaşlıq, yüksək hüquq və azadlıqlara malik olmalarını və sosial problemlərinin həll olunmasını təklif edir. Digər tərəfdən, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlağını qəbul etmirlərsə, deməli, ərazilərimizdən çıxıb getməlidirlər".
Murad İrahimli