"İran çox xəyanətkar mövqedə dayanıb. Azərbaycanı təhdid edir, kəşfiyyat işləri aparır və əldə edilmiş məlumatları Ermənistana ötürür".
Bunu "Unikal"a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. O bildirib ki, hazırda İranın hərəkətlərində heç bir gizlinlik qalmayıb:
"Bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran Prezidenti İbrahim Rəisiyə ciddi xəbərdarlıq etdiyi də bəllidir. Bundan sonra İranın müəyyən qədər özünü yığışdırdığı görünməkdədir. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəngi də bununla əlaqədardır. Azərbaycan cənub sərhədlərini möhkəmləndirmək üçün kifayət qədər tədbirlər həyata keçirir. Öz tərəfimizdən müdafiə və möhkəmləndirmə işlərinə diqqət yetiririk. Türkiyənin İrana xəbərdarlığı və Azərbaycana qarşı hər hansı bir hərəkətdən sonra bütün silah növləri ilə yanımızda olacaqarını demələri İrana təsir göstərib".
Politoloq qeyd edib ki, İsrail-Azərbaycan əlaqələri genişlənməkdədir: "Əlaqələrimiz strateji xarakter daşıyır və getdikcə daha da möhkəmlənir. İranın hansısa avantürası fonunda İsrailində də ciddi dəstək ala biləcəyimizi istisna etmirəm. Amma İranın da avantüra törədəciyini söyləmək istəməzdim. İran bilir ki, bunun müqabilində ABŞ, İsrail, Türkiyə, Azərbaycan və Pakistandan şiddətli cavab tədbirləri ala bilər. Bu isə İran deyilən dövlətin tamamilə çöküşünə gətirib çıxarar. İran xof yaratmaq üçün müxtəlif təhdidlərə davam edəcək. Azərbaycan isə bunun nə xarakter daşıdığını bilir. Ona görə də ölkəmiz müdafiə tədbirlərini görməklə yanaşı əsas diqqətini Ermənistana tərəf yönəltməkdə davam edir".
Anar Kəlbiyev