Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.
Azərbaycan Güləş Federasiyasından "Unikal"a bildirilib ki, yarışın 6-cı günündə son 5 çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Nihat Məmmədli (60 kq) debütdə bolqarıstanlı Avropa çempionu və dünya ikincisi Edmond Nazaryana 3:7 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Məmmədli təsəlliverici görüşdə macarıstanlı Erik Torbayla qarşılaşacaq.
Həsrət Cəfərov (67 kq) 1/8 finalda portuqaliyalı Pedro De Moraisə "tuş"la qalib gəlib. Cəfərov 1/4 finalda norveçli Havard Yorgensen üzərində də inamlı qələbə qazanıb - 7:1. Güləşçimiz yarımfinalda türkiyəli Murat Firatı da eyni hesabla üstələyərək adını finala yazdırıb. Həsrət həlledici görüşdə gürcüstanlı Coni Xetsurianiylə üz-üzə gələcək.
Ülvü Qənizadə (72 kq) 1/8 finalda ukraynalı Andrey Kulikə 4:1 hesabıyla qalib gəlib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələyib - 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Selçuk Canla gərgin mübarizə şəraitində keçən görüşdə sevinən tərəf olub - 2:1. Ülvü finalda fransalı İbrahim Qanemlə güləşəcək.
Rafiq Hüseynov (82 kq) 1/8 finalda isveçrəli Mark Veberə heç bir şans tanımayıb - 8:0. 3 qat Avropa çempionu 1/4 finalda ermənistanlı Samvel Qriqoryanla gərgin keçən mübarizədən də qalib ayrılıb - 3:2. Hüseynov yarımfinalda türkiyəli Burhan Akbudaka "tuş"la uduzub. Rafiq bürünc medal uğrunda Branko Kovaçeviç (Serbiya) - Roland Şvarts (Almaniya) görüşünün qalibiylə qarşılaşacaq.
Arif Niftullayev (97 kq) debütdə çexiyalı Artur Omarova minimal fərqlə (1:2) məğlub olub.
Qeyd edək ki, təsəlliverici və medal görüşləri aprelin 23-də keçiriləcək.