"Ermənistanı beynəlxalq birliyi özünün qarayaxma kampaniyasına alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərinə son qoymağa çağırırıq".
"Unikal" xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis etməsi ilə əlaqədar 23 aprel tarixli bəyanatına dair şərhində yer alıb.
Şərhdə qeyd olunub ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur:
"Bu məntəqənin təsis edilməsi 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfinin üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi, hərbçilərinin rotasiyasının həyata keçirməsi vəziyyətində qəbul edilmiş legitim və milli təhlükəsizlik qərarıdır.
Eyni zamanda, aprelin 22-də Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Azərbaycan ərazisinə keçirilməsi və Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi infrastruktur qurmaq fəaliyyəti bu qərarın sürətləndirməsini şərtləndirən amillərdən olub".