Qabil Hüseynli: “Beynəlxalq qurumların Azərbaycanda çevriliş fəaliyyətlərinin ola biləcəyini ehtimal etmirəm”
13:17 16-03-2013
İQTİSADİYYAT
Q.Hüseynli: “Həbslərlə ATƏT-in Bakı ofisində baş verən proseslər arasında hansısa bir bağlılıq görmürəm”
“Beynəlxalq qurumların Azərbaycanda hər hansı bir çevriliş xarakterli fəaliyyətlərinin ola biləcəyini ehtimal etmirəm”
Son günlərdə ölkədə və ümumən bölgədə baş verən proseslərlə bağlı suallarımızı tanınmış politoloq Qabil Hüseynli cavablandırır.
-Qabil müəllim, ölkədə facebook inqilabı, MDİ və ATƏT-in Bakı ofisi ilə bağlı ciddi ajiotaj başlanıb. Bu ajiotajın əsasında duran motivlər və faktlar nə dərəcədə həqiqətdir?
-Mən bu qənaətdəyəm ki, od olmayan yerdən tüstü çıxmaz və sözügedən qalmaqalla bağlı da ciddi tənqidlər irəli sürülür. Həm də qeyd edilməlidir ki, bu qalmaqalı Azərbaycan tərəfi başlatmayıb axı! Həmin qalmaqal təşkilatın rəhbərlyi tərəfindən başladılıb. Yoxlamalar həyata keçirilir. Bu yoxlamalarda hətta ofisin rəhbərliyinin geri çağırılması məsələsi də qəzet səhifələrinə yol tapıb. Bütün bunlar onu göstərir ki, ofisin fəaliyyəti heç ATƏT-in özünü də təmin etmir. ATƏT-in Bakı ofisinin bir neçə il əvvəlki fəaliyyətini indiki ilə müqayisə edəndə görürük ki, Bakı ofisinin indiki rəhbərliyi kabinetə qapılıb bayıra çıxmır. Bakı ofisi əvvəlki dövrlərdə birtərəfli təşəbbüslərin, xüsusilə də müxalifətlə iqtidarın arasındakı münasibətləri tənzimləyə biləcək görüşlərin müəllifi idi. Ondan sonrasına, seçkiqabağı dövrlərdə onlar daha çox fəallıq göstərərək seçkiqabağı kampaniyalarla bağlı bir sıra maarifləndirici tədbirlər həyata keçirdirdilər. Amma bu gün bunların heç birini görmürük. Və üstəlik, əgər daxili yoxlamalar varsa, deməli, Bakı ofisinin işində müəyyən əyintilər var ki, bu yoxlamalara start verilib. Amma bununla belə, biz yalnız mətbuata sızan məlumatlar əsasında fikir yürüdə bilərik. Həm də ATƏT-in Bakı ofisinin əvvəlki illərdəki fəaliyyətini indi fəaliyyəti ilə tutuşdurub bəzi nəticələr çıxarda bilərik. Özümüzdən söyləyəcəyimiz bəzi fikirlər isə, ola bilsin ki, ehtimallardan uzağa getməsin.
-Bəzi qənaətlər deyəndə nəyi nəzərdə tutursunuz?
-Bayaq dedim. Əgər ATƏT-in Bakı ofisində yoxlamalar başlanıbsa, deməli, ATƏT-in rəhbərliyi Bakı ofisinin fəaliyyətində ciddi qüsurlara rast gəlib.
-Təsvir elədiyiniz mənzərənin fonunda ölkədə həbslər də baş verməkdədir…
-Milli Demokratiya İnstitutunun nümayəndəsi qısa müddətə saxlanıldı və azad edildi. Amma ümumiyyətlə, beynəlxalq qurumların təmsilçiləri ilə bağlı həbslər aparılmır. Qaldı ki gənclər təşkilatlarının həbs edilmiş nümayəndələrinə, onların işləri ilə ATƏT-in Bakı ofisinin məsələsi arasında paralellər aparmağın tərəfdarı deyiləm və bunun üçün ortalıqda konkret faktlar da yoxdur. Yadınıza salım ki, ATƏT-in Bakı ofisində aparılan yoxlamalar ATƏT-in öz rəhbərliyi tərəfindən təşkil edilib. Həm də Azərbaycanın müvafiq orqanlarının beynəlxalq qurumların işlərinə qarışmaq səlahiyyəti yoxdur. Və sözügedən məsələ daha çox həmin təşkilatın özünün daxili işlərilə bağlı olan bir məsələdir. Amma Nida gənclər təşkilatının üç üzvünün saxlanılması, onların televiziyada bəyanat verərək dövlət çevrilişi hazırlanması və s. kimi məsələlərlə əlaqədardır. Bu həbslərlə ATƏT-in Bakı ofisində baş verən proseslər arasında hansısa bir bağlılıq görmürəm. Həmçinin bu həbslərlə Milli Demokratiya İnstitutunun işi arasında paralellər aparmağa əsas verən faktlar da yoxdur.
-Bu hadisələri Azərbaycanın yaxın 5-6 ayı perspektivində nəzərdən keçirəndə hansı qənaətə gəlmək mümkündür? Belə görünür ki, prezident seçkiləri yaxınlaşdıqca ölkədə baş verəcək maraqlı sürprizlərin şahidi olacağıq...
-Yaxın beş-altı ay ərzində, yəni prezident seçkiləri ərəfəsində Qərb dövlətlərini təmsil edən beynəlxalq qurumların Azərbaycanda hər hansı bir çevriliş xarakterli və yaxud konstitusiyadankənar fəaliyyətlərinin ola biləcəyini ehtimal etmirəm. Bu baxımdan daha qorxulu və daha təhlükəli addımlar Rusiya və onu təmsil edən qüvvələr tərəfindən həyata keçirilə bilər. İndi hətta Rusiyanın adından müəyyən təşkilatlar və adamlar, məsələn, Azerros təşkilatının keçmiş prezidenti Söyün Sadıqov kimiləri öz bəyanatlarında bunu aşkar şəkildə ifadə ediblər. Rusiyadakı soydaşlarımızdan ibarət Milyarderlər İttifaqı və Azərbaycan Təşkilatları İttifaqı deyilən bir qurum son zamanlar çox ciddi fəaliyyətə başlayıb. Bu qurumlar Rusiyadakı Azərbaycan diasporunun qurumlarını da tamamilə öz tərəfinə çəkmək xətti götürüb. Onlar, üstəlik, öz radiolarını açmaqla daha ciddi ambisiyalara malik olduqlarını nümayiş etdirməyə başlayıblar. Yəni Azərbaycanla bağlı Rusiyanın niyyətlərinin daha ciddi olması ortalığa çıxır. Ola bilsin ki, Azərbaycanda təmsil edilən Qərb təşkilatları da Rusiyanı qabaqlamaq üçün müəyyən addımlar atmaq fikrinə düşüblər. Amma bu barədə konkret faktlara malik deyiləm. Bunu, sadəcə, ehtimal etmək olar.
-Hər halda razılaşarsınız ki, 2013-cü il Azərbaycan üçün yolayrıcı bir mərhələ ola bilər…
-Yox, mən belə fikirləşmirəm. Yəni Azərbaycanda hər şeyin dəyişiləcəyi və yenidən başlayacağı mənasında qəbul etmirəm. Çünki Azərbaycanda bu işi həyata keçirdə biləcək ən təhlükəli qüvvə Rusiyadır. Amma Rusiya xəttinin Azərbaycanda qələbə çalması Azərbaycanın yenidən imperiya caynağına keçməsi deməkdir. Və belə bir addımın gerçəkləşməsinə də Azərbaycanın heç bir zümrəsinin, siyasi dairələrinin də razı ola bilməyəcəyi qənaətindəyəm. Yox, əgər belələri olacaqsa, mən güman edirəm ki, Azərbaycan dövlətinin gücü çatacaq ki, bu cür qüvvələri neytrallaşdırsın. Və həmin qüvvələrin Azərbaycan cəmiyyətindən təcrid edilməsi istiqamətində də addımlar atılacaq.
-Birləşmiş Ştatların Prezidenti Barak Obama bildirib ki, “İran bir il müddətində nüvə silahına sahib ola bilər. Əgər diplomatik danışıqlar bir nəticə verməsə, bütün variantlar bizim üçün açıq olaraq qalır”. Həm də bu məlumatı özünün İsrailə gözlənən rəsmi səfəri ərəfəsində səsləndirib…
-Bu məsələdə mövqelər çoxdan ortalığa qoyulub və dəfələrlə təkrarlanıb. Yəni Obama ötən prezidentlik dönəmində də və bu gün də bəyan edibdir ki, əgər İran nüvə silahı hazırlamaq yoluna qədəm qoysa, ona imkan verilməyəcək, bu məqsədlə bütün addımlardan istifadə ediləcək. İsrail də bu baxımdan çoxdandır ki, ən radikal mövqeyi tutub və indi də iddia edir ki, İran nüvə silahını hazırlamağın bir addımlığındadır. Hətta İsrail arada iddia edirdi ki, İran artıq nüvə silahının bir neçə nümunəsini hazırlayıb. Bax, belə olan şəraitdə İsrail bu gün İrana qarşı ən aktiv siyasət yürüdən bir ölkədir. Hətta bu yaxınlarda İranın nüvə obyektlərindən birində ciddi bir partlayış baş verdi və bu hadisənin İsrailin kəşfiyyat qurumu olan MOSSAD tərəfindən həyata keçirildiyi barədə iddialar irəli sürüldü. Həmin partlayış barədə geniş məlumat yayılmasa da, partlayışın baş verməsi dünyanın bütün KİV-i tərəfindən təsdiq edildi. Belə görünür ki, artıq İranın nüvə proqramına qarşı müharibə deməsək də, ciddi mübarizə başlayıb. Bu mübarizə də hələ ki xüsusi xidmət orqanlarının fəaliyyəti şəklində özünü büruzə verir. Amma İran öz nüvə proqramından geri çəkilməsə, siyasətində dəyişiklik etməsə, məsələnin diplomatik yolla həlli istiqamətində aparılan danışıqlarda axıra qədər səmimiyyət nümayiş etdirməsə, onda yəqin ki, iri dövlətlərin İrana qarşı ciddi cəza tədbirləri başlanacaq. Və özü də bu cəza tədbirləri üzü yaya doğru mütləq reallaşa bilər.
-Hadisələrin bu istiqamətdə inkişafı Güney Azərbaycan problemini gündəmə gətirir…
-Cənubi Azərbaycan məsələsi indiki halda ABŞ-ın strategiyasında təzyiq xarakteri daşıyır. Cənubi Azərbaycan məsələsi ictimai şüurda qondarma erməni soyqırımı, Holokost soyqırımı və digər məsələlər kimi oturuşmayıb. Eyni zamanda qanunvericilik orqanlarında məsələyə yanaşma ciddiyyəti digər məsələlər kimi deyil. Amma ideyanın bu yaxınlarda Birləşmiş Ştatların Konqres səviyyəsinə qaldırılması bu məsələnin tarixində bir ilkdir. Cənubi Azərbaycanda birləşmə hərəkatının nəzəri və təşkilati cəhətdən formalaşması üçün geniş perspektivlər açır. Qətnamə layihəsi Konqresdə müzakirə olunacaq. Amma onun qəbul edilməsi ehtimalı çox aşağıdır. Çünki bu məsələ ABŞ-ın xarici siyasət kursu ilə üst-üstə düşmür. Bununla belə Cənubi Azərbaycan məsələsinin qaldırılması inqilaba bərabər bir şeydir. Məsələ qaldırılıbsa, deməli davamlı olaraq gündəmdə saxlanıla bilər. Ən azından Cənubi Azərbaycanda milli-oyanış hərəkatına təkan verə, İranda siyasi hakimiyyəti daim narahat edən amilə çevrilə bilər. Proses başlayıb, irəliyə doğru gedəcək. Qətnamə layihəsi müəllifinin bir müddət əvvəl ermənipərəst addımları ilə gündəmə gəlməsinə gəlincə, konqresmen ermənipərəst mövqedə olsa belə, bu onun indiki mövqeyinə kölgə salmır. Ermənipərəst mövqe ABŞ-da populyar mövqelərdən biridir. Siyasətçilər bundan istifadə edərək siyasi çəkisini qaldırmağa çalışırlar. İndiki halda isə həmin konqresmeni Cənubi Azərbaycanla bağlı mövqeyinə görə, alqışlamaq lazımdır. O bunu ABŞ-ın aparıcı mövqelərindən birinə çevirə bilər.
Söhbətləşdi: Fərzuq Seyidbəyli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00