Avropa Ətraf Mühit Agentliyi Avropa ölkələrində hava çirkliliyi səbəbindən hər il 1200 uşaq və gəncin həyatını itirdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, Avropa Ətraf Mühit Agentliyi bu gün ictimaiyyətə açıqladığı hesabatda havanın çirklənməsinin Avropada hər il 18 yaşdan kiçik 1200 uşaq və gəncin vaxtından əvvəl ölümünə səbəb olduğuna diqqət çəkib. Havadakı zərərli maddələrin təkcə böyüklər üçün deyil, uşaqlar üçün də böyük ekoloji risk yaratdığına diqqət çəkən hesabatda bunun uşaq və gənclərin ömrünü kəskin şəkildə azaltdığı qeyd edilib.
Qurumun hesabatında vurğulanıb ki, vaxtından əvvəl ölüm halları ilə yanaşı, pis hava şəraiti uşaq və gənclərin sonrakı illərdə də xəstələnmələrinə səbəb olub. Uşaqların ana bətnindən yetkinlik yaşına qədər havanın çirklənməsinə qarşı bir müdafiəyə sahib olduqları ifadə edilən hesabatda, “Son illərdə əldə edilən irəliləyişlərə baxmayaraq, xüsusilə Mərkəzi və Şərqi Avropa və İtaliyada hava çirkliliyinin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi səviyyədən yuxarıdır”.
Hesabatdakı məlumatlar Türkiyə, Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə yanaşı, Avropa Birliyinin 27 üzvünü əhatə edir. Agentliyin keçən noyabr ayında açıqladığı hesabata görə, 2020-ci ildə bu ölkələrdə bütün yaş qruplarından ən azı 238 min insan havanın çirklənməsi ilə bağlı səbəblərdən həyatını itirib. Böyük Britaniya və Ukrayna kimi bir çox Avropa ölkələri hesabata daxil edilməyib. Mütəxəssislər buna görə də Avropa miqyasında balansın əslində daha pis olduğunu proqnozlaşdırırlar.
Ümumi əhali içərisində hava çirkliliyindən təsirlənən uşaq və gənclərin nisbətinin “nisbətən aşağı” olduğuna diqqət çəkən hesabatda uşaqlıqda xroniki xəstəliklərin gələcəkdə böyük bir yükə çevriləcəyi müəyyən edilib. Avropa Ətraf Mühit Agentliyi öz hesabatında ilk növbədə məktəblərdə və uşaq bağçalarında, idman obyektlərində və ictimai nəqliyyatda havanın keyfiyyətinin yaxşılaşdırılmasını tövsiyə edib. Hava çirkliliyinin vaxtından əvvəl doğuşlara və uşaq salmalara səbəb ola biləcək təsirə malik olduğuna diqqət çəkən Agentlik, pis hava şəraitinin doğuşdan sonra müxtəlif sağlamlıq problemləri, o cümlədən astma və digər tənəffüs xəstəlikləri riskini artırdığı barədə xəbərdarlıq edib.