"Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması son dərəcə əhəmiyyətli bir addımdır".
Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, hər bir dövlətin suverenliyinin başlıca göstəricisi onun bütün sərhədlərini qoruya bilməsidir:
"Biz Laçın yolunda sərhəd-buraxılış məntəqəsini qurmaqla sərhədlərimiz üzərində suverenliyimizin bərpa edilməsi istiqamətində həlledici addım atdıq. Bundan sonra bizim ərazilərimizə daxil olan, sərhədlərimizi keçən hər hansı bir adam və yaxud yük haqqında ətraflı məlumatımız olacaq, onları yoxlayacayıq. Azərbaycana və Azərbaycandan nələrin daşındığına nəzarət edə biləcəyik. Bir sözlə, Azərbaycan sərhəd-buraxılış məntəqəsini qurmaqla bütün ərazilərində suverenliyini təmin etdi", - deyə o qeyd edib.
Q. Hüseynli Rusiya sülhməramlılarının Qarabağdakı komandanının dəyişdirilməsindən də danışıb:
"Rusiya son proseslərdən çox narahat olub. Onlar yeni sərhəd-buraxılış məntəqəsinin tamamilə rusların tabeliyində olmasını istəyirlər. Sülhməramlıların yeni komandanı məhz bu iddialarla Qarabağa gəlib.
Buna baxmayaraq, Azərbaycan öz mövqeyində qətiyyətlidir. Bu məsələlərdə Rusiyaya heç bir güzəşt edilməyəcək. Ruslar öz dediklərini həyata keçirsələr, bununla Azərbaycanın suveren hüquqlarına zərbə vurmuş olar. Rusiyanın istəkləri reallaşmayacaq. Azərbaycan öz suveren hüquqlarını qoruyub-saxlayacaq".
Murad İbrahimli